İstanbulun yaddaş muzeyi –Məsumiyyət muzeyi

“Həyatımın ən xoşbəxt anı imiş, bilmirdim.”

13 fevral 2026-cı ildə Netflix-də yayımlanmağa başlayan “Masumiyet müzesi” serialı Orxan Pamukun eyniadlı əsərindəki bu cümləni yenidən yaddaşlara həkk etdi.

Orxan Pamukun 2008-ci ildə nəşr olunan “Masumiyet Müzesi” (“Məsumiyyət” Muzeyi) əsasında yaratdığı muzey real bir muzey olaraq ədəbiyyat tarixinə keçmiş bir layihədir.

Beləliklə, incəsənət bələdçisinin bu dəfəki dayancağı Məsumiyyət Muzeyidir.

Bir Romanın Muzeyi: Konsept və Quruluş

Muzeyin ən böyük özəlliyi onun bir insanın deyil, bir romanın muzeyi olmasıdır. Pamuk bu layihə üzərində 1990-cı illərin sonundan işləməyə başlamışdı. Roman və muzey bir-birini tamamlayaraq, eyni vaxtda planlaşdırılıb yaradılıb.Burada sərgilənən hər bir detal Kamalın Füsuna aid topladığı (və ya romanda adı çəkilən) 4213 ədəd siqaret kötüyü, geyimlər, qab-qacaqlar və köhnə İstanbul fotolarından ibarətdir. Muzeyin hər bir vitrini kitabdakı bir fəslə uyğun gələrək oxucunu romanın içində səyahətə çıxarır.

Bu fərqli yanaşma nəticəsində muzey 2014-cü ildə “Avropada İlin Muzeyi” mükafatını qazanıb.

Əşyaların Pıçıltısı və İstanbulun Səsləri

Muzeydə gəzərkən qulağınıza gələn səslər təsadüfi deyil; onlar keçmişin sükutunu pozan ruhun səsləridir. Boğazdan keçən gəmilərin fiti, qağayıların harayı və köhnə bir radionun cızıltısı sizi 1975-ci ilin İstanbuluna, o hüzünlü və səmimi ailə süfrəsinə aparır. Pamukun məqsədi ziyarətçinin sadəcə bir əşya görməsi deyil, özünü o kədərli otağın bir parçası kimi hiss etməsidir.

4213 Siqaret Kötüyü: Sevginin “dəli” statistikası

Kamalın Füsunu gözləyərək keçirdiyi 2801 günün (təxminən 8 il) vizual təzahürü olan bu divarda hər siqaret kötüyünün öz hekayəsi var:

Hər bir kötüyün altında onun çəkildiyi tarix və Kamalın həmin günə dair “Bu gün mənə gülümsədi” kimi qeydləri yer alır. Bəzi siqaretlərin ucunda hələ də qalan dodaq boyası izləri, itmiş bir sevgilinin geridə qoyduğu ən “canlı” nişanədir.

Muzeylər Manifesti və Simvolizm

Çukurcuma məhəlləsinin antikvar ruhunda yerləşən bu çəhrayı künc bina, sanki zamanın dayandığı bir “xatirə qalası”dır. Pamuk, 2012-ci ildə bəyan etdiyi “Muzeylərin manifesti” ilə klassik muzey anlayışını sarsıtdı. O sübut etdi ki, bir muzey qurmaq üçün qızıl xəzinələrə ehtiyac yoxdur; bir aşiqin topladığı “mənasız” əşyalar da müqəddəs bir eksponata çevrilə bilər.

İstanbulun yaddaş muzeyinə pulsuz səyahət

Məsumiyyət Muzeyini vərəqləyərkən onun ən son səhifəsində muzeyə giriş biletini görə bilərisiniz. Əgər əlinizdə kitabın fiziki nüsxəsi varsa, o səhifəyə möhür vurduraraq bu yaddaş muzeyinə pulsuz daxil ola bilərsiniz.

Şərhlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *