Londonun Viktoriya və Albert Muzeyi Yutubun ən erkən baxış səhifəsinin bərpa edilmiş versiyasını öz daimi kolleksiyasına əlavə edərək, platformanın ilk videosu olan “Me at the zoo” (Mən zooparkdayam) çarxını öz qalereyalarına yerləşdirib.
23 aprel 2005-ci ildə Yutubun həmtəsisçisi Caved Kərim tərəfindən yüklənən bu 19 saniyəlik videoda o San-Dieqo zooparkında fillərin qarşısında dayanaraq onların haqqında şərh verir. Klip sadə və qeyri-peşəkar olsa da, dünyanın ən böyük video paylaşma platformasına çevriləcək bir layihənin başlanğıcı idi.
Muzey Yutubun istifadəçi təcrübəsi (UX) komandası və “oio” interaktiv dizayn studiyası ilə əməkdaşlıq edərək saytın ilkin baxış səhifəsinin interfeysini yenidən qurub. Saytın 2006-cı ildən qorunub saxlanılan arxivləşdirilmiş versiyalarına əsaslanan bu bərpa prosesinə o dövrün proqram kodları, erkən video pleyer dizaynı və hətta banner reklamları da daxildir. Bu, ziyarətçilərə platformanın yarandığı ilk vaxtlarda necə göründüyü və necə işlədiyi barədə tam təsəvvür yaradır.
Qey edək ki, bu tarixi video bu günə qədər 382 milyondan çox baxış və 18 milyondan çox bəyənmə toplayıb.

Leave a Reply